
Heydər Əliyevin heykəlinə “Stalin” yazan gənc həbsxanada ölüb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimli cəza çəkdiyi həbsxanada ölüb.
Partiya üzvləri Facebook sosial media şəbəkəsində onun cəzaçəkmə müəssisəsində intihar etdiyini yazıblar.
Bakının Xəzər Rayon Prokurorluğu onun ölümü ilə bağlı araşdırma aparıldığını bildirib.
Adının açıqlanmasını istəməyən AXCP üzvü BBC Azərbaycancaya bildirib ki, hadisə dekabrın 11-dən 12-nə keçən gecə baş verib.
Onun sözlərinə görə, 24 yaşlı gənc son vaxtlar həbsdə darıxdığını deyirmiş və əfvlə azadlığa çıxacağına ümid edirmiş. Amma əfvə düşməməsi onu daha da məyus edibmiş, – Kərimliyə həbsi müddətində baş çəkdiyini deyən AXCP üzvü BBC-yə bildirib. O, həbsindən əvvəl kuryerliklə məşğul olurmuş.
Elbəyi Kərimli 2024-cü ildə narkotik ittihamı ilə tutularaq, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan isə Ali Məhkəmə cəzasını 5 ilə endirmişdi.
Məhkəmə zamanı özü bu ittihamı rədd etmiş və həbsini 2023-cü ildə Heydər Əliyevin heykəlinə “Stalin” sözü yazması ilə əlaqələndirmişdi.
Hazırda Azərbaycanda beynəlxalq təşkilatların siyasi fəal hesab etdiyi təxminən 400 nəfər həbsdədir. Hüquq müdafiəçiləri onların həbslərini siyasi fəaliyyətlərilə əlaqləndirir və onlara qarşı bir çox ittihamları əsassız hesab edirlər.
Azərbaycan hakimiyyəti siyasi müxalif fikrə görə heç kimin təqib olunmadığını bildirir və ölkədə siyasi məhbusların olmasına dair iddiaları qəbul etmir.

