İspaniya “Airbnb”yə 64 milyon avro cərimə tətbiq edib

Baş səhifə

Bakı. Trend:

İspaniya hökuməti lisenziyasız mənzillərin reklamını yaydığına
görə daşınmaz əmlak icarəsi üzrə iri platforma olan “Airbnb”yə 64
milyon avro məbləğində cərimə tətbiq edib.

Trend-in xarici
KİV-ə istinadən verdiyi xəbərə görə, hökumət bildirib ki, məşhur
turistik bölgələrdə reklam edilən bəzi obyektlərin icarəsi qanunla
qadağandır.

Şikayət olunması mümkün olmayan bu cərimə “Airbnb”nin
lisenziyasız obyektləri tanıdan bütün elanları geri götürməsini
nəzərdə tutur.

Dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olan İspaniyada
tələbinin artması mənzil qiymətlərinin yüksəlməsinə səbəb olub və
bu, cəmiyyətdə ciddi narahatlıq doğurub.

İspaniyanın istehlakçı hüquqları naziri Pablo Bustinduy bildirib
ki, minlərlə ailənin mənzil problemi səbəbindən çətin şəraitdə
yaşadığı halda, bəzi şirkətlər insanları evlərindən didərgin salan
biznes modelləri ilə varlanır.




Hökumət qısamüddətli kirayələrin müvəqqəti turist axını
səbəbindən məhəllələrin sosial quruluşunu dəyişdirməsindən də
narahatdır.

İspaniya hökuməti “Airbnb” platformasında yerləşdirilən 65 min
122 elanın istehlakçı qaydalarını pozduğunu açıqlayıb.

Bustinduy sosial şəbəkədə yazıb ki, nə qədər böyük və güclü
olmasından asılı olmayaraq, heç bir şirkət qanundan üstün deyil və
bu prinsip mənzil məsələsində xüsusilə vacibdir.

Qeyd edək ki, Barselona, Nyu-York, Berlin, Paris, hətta “Airbnb”nin yaradıldığı San-Fransisko da daxil olmaqla, bir çox
məşhur turizm şəhəri şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər
tətbiq edib. 2007-ci ildə yaradılan “Airbnb” 2014-cü ildən etibarən
turistlərin daha ucuz mənzil və ev axtarışı fonunda sürətlə
populyarlaşsa da, son illər bir çox şəhərdə səs-küy, nəzarətsiz ev
sahibləri və yaşayış problemləri səbəbindən tənzimləmələr
sərtləşdirilib.