Dünya Türk Dili Ailəsi Günü – Türk dünyasının birliyi yolunda daha bir addım – ŞƏRH

Baş səhifə

Bu gün, dekabrın 15-də ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur

Cari il oktyabrın 30-dan noyabrın 14-dək Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyası keçirilib. Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun Baş direktoru Odri Azule, eləcə də UNESCO-ya üzv dövlətlərinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində üzv dövlətlər tərəfindən UNESCO-nun növbəti dövr üçün prioritet istiqamətləri – təhsilin inklüzivliyi, mədəni irsin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf məqsədləri üzrə fəaliyyət planları müzakirə olunub. Dünya Türk Dili Ailəsi Gününün keçirilməsi üzrə uyğun qərar UNESCO-nun həmin toplantısında qəbul edilib. Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri çıxış edib və bu addımı UNESCO-ya üzv olan 21 ölkə dəstəkləyib.

Dünya Türk Dili Ailəsi Gününün keçirilməsi tarixi rəmzi sayılır. 1893-cü il dekabrın 15-də Danimarkadan olan linqvist Vilhelm Tomsen ən qədim yazılı mənbələrdən birinin, Orxon kitabələrinin qrafikasının uğurla deşifrə olunduğunu elan edib. Bu yazılar eramızın VIII əsrində Orxon vadisində, indiki Monqolustanda qədim türklər tərəfindən yaradılmış, 1889-cu ildə isə aşkarlanmışdı.

Vilhelm Lüdviq Peter Tomsenin uğuru hazırda Avrasiyada Türk etnosuna aid çoxsaylı icmaları birləşdirən dil ənənəsi haqqında əvəzsiz elmi mənbə sayılır. Odur ki, bu linqvisti də yad etmək yerinə düşər. O, 1842-ci il yanvarın 25-də Kopenhagendə doğulub. 1927-ci il mayın 12-də bu şəhərdə vəfat edib. Danimarkalı dilçi-türkoloq, tarixçi, professor 1894-cü ildən Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü, Hind-Avropa, Baltik-Fin və Türk dillərinin tarixi, etrusk dili, həmçinin dilçilik tarixi və Avropa tarixi üzrə əsərlərin müəllifidir.

Əsasən fin-uqor və hind-Avropa (german və baltik) dilləri arasındakı əlaqələr, skandinav-slavyan əlaqələri (o cümlədən, tarixçi kimi “varyaq problemi”) problematikası ilə məşğul olub. Ən çox V.V. Radlovun 1891-ci ildəki ekspedisiyası zamanı aşkar edilmiş qədim türk yazısının, Orxon abidələrinin deşifrə edilməsi, həmçinin XIX əsr dilçilik tarixinə dair oçerki ilə tanınır. O, Orxon yazıları haqqında 1893-1896-cı illərdə silsilə işlərini təqdim edib.

Türk Dili Ailəsi Gününün qeyd edilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə fəaliyyətinin nəticəsi sayılır. Çünki uzun illər onların ortaq mədəniyyətin daşıyıcısı olduğunu söyləmək, bu istiqamətdə fəaliyyət göstərmək qadağan olunub, bir sıra hallarda isə “cinayət” sayılıb. Elə keçmiş SSRİ-də “pantürkizm”, “panturanizm” kimi ifadələrin meydan çıxması, bununla bağlı neçə-neçə insanın həmin saxta ittihamların qurbanına çevrilməsi tarixdə qanlı ləkə olaraq qalır.

Sovetlərin dağılması ilə Türk respublikalarının bir-birinə yaxınlaşması prosesi başladı. Sanki Orxon -Yenisey yazısında Bilgə Xaqanın çağırışı (duası) yenidən səsləndi. O, dualarında türkləri birləşməyə səsləyirdi: “Ey türk, sən bir dənizsən, yırğalan və özünə dön, sən özünə dönəndə yenilməz olursan”.

Türk dünyası birləşmək üçün bir sıra addımlar atıb.

Ortaq köklər üzərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), TÜRKPA, Türk Dövlətləri Təşkilatı və başqa formatlar yaradılıb.

TÜRKSOY Türk dövlətlərinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türklər min illər ərzində dünya, bəşər mədəniyyətinə böyük töhfələr verib, onu zənginləşdiriblər. Onlar bütün sahələrdə istedad, bilik və bacarıqlarını göstərib, elmi kəşflər edib, tarixi-mədəni memarlıq abidələri, qiymətli bədii, musiqi əsərləri yaradıb, döyüşlərdə şücaətlər nümayiş etdiriblər.

TÜRKSOY Türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq təşkilatdır. O, 1992-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə İstanbul və Bakıda keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılıb.

TÜRKSOY funksiyaları çərçivəsində mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir.

2008-ci il noyabrın 21-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentləri arasında imzalanan sənədə əsasən, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) yaradılıb. İlk plenar sessiyası 2009-cu il sentyabrın 29-da Bakıda keçirilib. Katiblik Azərbaycan paytaxtında yerləşir. Onun əsas hədəfi qanunverici orqanlar arasında siyasi, hüquqi, iqtisadi əlaqələri gücləndirmək və parlament diplomatiyası vasitəsilə əməkdaşlığı inkişaf etdirməkdir.

Türk dövlətləri arasında 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatı, əvvəlcə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə hökumətlərarası təşkilat olaraq təsis edilib. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir. Təsisçi üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə – olub, 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulub. Macarıstan, Qırğız Respublikası, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təşkilata Müşahidəçi Üzv kimi qoşulub.

TDT əsasən dörd dayaq üzərində qurulub: ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət. Üzv dövlətlərin fəaliyyəti bu ortaq dəyərlərlə məhdudlaşmır. Əksinə, onlar arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və başqa sahələrdə mövcud ikitərəfli əməkdaşlıq sahələrinin çoxtərəfli əməkdaşlığa çevrilməsi qarşıya məqsəd qoyulur.

2025-ci il oktyabrın 7-də Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışında qurumun qarşında duran vəzifələrdən də danışıb. Dövlət başçısı TDT-nin işinə dəstək məqsədilə Azərbaycanın Katibliyin hesabına iki milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü bildirib. Bununla da Təşkilatın səmərəli fəaliyyəti istiqamətində bu kimi addımların atılmasının vacibliyi vurğulanıb…

Azərbaycan torpaqlarını işğaldan azad etməklə Türk dövlətləri arasında əlaqələrin qurulmasındakı maneələri də sanki aradan qaldırıb. Bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Zəngəzur dəhlizinin (TRIPP layihəsi) açılacağına dair razılaşma həm də TDT arasında əlaqələrin güclənməsinə xidmət edəcək. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarındandır.

Müasir dünya Türk dövlətləri arasındakı birliyi şərtləndirir.

Türk dövlətləri arasında ortaq əlifbaya dair razılıq əldə edilib. 1926-cı ildə Bakıda Türkoloji Qurultay keçirilib. 2026-cı ildə bu tədbirin 100 illik yubileyinin Azərbaycan paytaxtında TDT çərçivəsində təntənəli şəkildə gerçəkləşməsi nəzərdə tutulub.

Beləliklə, İsmayıl bəy Qaspıralın irəli sürdüyü “Dildə, işdə, fikirdə birlik” ideyası müstəqil Türk dövlətlərinin əlaqələri sayəsində reallaşmaqdadır. Göktürk Xaqanının çağırışı bu gün həyata keçməkdədir. Türk dövlətləri addım-addım iki min il öncə edilmiş vəsiyyətin gercəkləşməsinə doğru irəliləyir.

Mədəni əlaqələrlə başlayan münasibət ortaq dil və əlifba, iqtisadi, siyasi və hərbi əməkdaşlıqla davam edir. Azərbaycanın da bu istiqamətdə yüz ildən artıq göstərdiyi fəaliyyəti öz əməli faydasını verir. Çünki o, klassik Turanın göbəyi, yeni qurulan Türk dünyasının isə açarıdır. Azərbaycan bu üstünlüyü ilə Avropa və Asiyanın birləşməsində aparıcı fiqurdur.

Bu baxımdan, Dünya Türk Dili Ailəsi Gününü həm də beynəlxalq həmrəylik bayramı saymaq olar!