- 15 dekabr, 2025
- 12:06
Milli mənəvi-dəyərlərin məktəblərdə tədrisi strateji və əhəmiyyətli məsələdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransdakı çıxışında deyib.
O bildirib ki, bu fənni İlahiyyat İnstitutunun məzunlarının tədris etməsi daha yaxşı olardı:
“Bu olmazsa, həmin fənni tədris edəcək müəllimlərin dini biliklərinin olması lazımdır. Bəzi hallarda bilik və dəyərlərin ötürülməsi prosesinə xarici və ya zərərli təsirlər müdaxilə edir. Bu təsirlər cəmiyyət üzvlərinin, xüsusilə də gənclərin tarixi keçmişinə və milli-mədəni dəyərlərinə laqeyd yanaşmasına, hətta onları kiçik görməsinə səbəb ola bilər. Nəticədə cəmiyyət öz tarixi ənənələrini və formalaşdırdığı mədəni irsi gələcək nəsillərə ötürmək baxımından ciddi təhlükə ilə üz-üzə qalır. Bu halı “tarixi yanaşmanın zəifləməsi” kimi xarakterizə etmək olar”.
“Eyni zamanda cəmiyyət daxilində müxtəlif və zidd dəyərlərin mövcudluğu, gənclərin milli dəyərlərə kifayət qədər məruz qalmaması onları başqa cəmiyyətlərin dəyər sistemlərinə yönəldə bilər. Bu isə cəmiyyətdə qarşıdurmaların yaranmasına, sosial harmoniya və həmrəyliyin pozulmasına gətirib çıxarır. Bu problemin əsas həll yolu gənclərə kiçik yaşlarından etibarən milli-mənəvi dəyərlərin aşılanmasıdır. Milli dəyərlərin tədrisi ilk növbədə ailədə başlamalı, daha sonra isə məktəblərdə planlı və proqramlı şəkildə davam etdirilməlidir. Bu prosesdə əsas məsələ müəllimlərin hansı istiqamətlərdən istifadə etməsi və dünya təcrübəsindən necə faydalanmasıdır”,- E.Əzimli deyib.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

