Almaniyada əhalinin əksəriyyəti sosial medianın məhdudlaşdırılmasını dəstəkləyir

Baş səhifə

Bakı. Trend:

Almaniya sakinlərinin əksəriyyəti 16 yaşdan kiçik şəxslərin
sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını
dəstəkləyir.

Trend xəbər verir
ki, bunu Bild qəzetinin sifarişi ilə INSA sosioloji institutu
tərəfindən aparılan sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 60 faizi
Avstraliya nümunəsini əsas götürərək 16 yaşdan kiçiklər üçün sosial
medianın qadağan edilməsinin tərəfdarıdır. Respondentlərin 24 faizi
bu təşəbbüsə qarşı çıxıb, 16 faizi isə suala laqeyd yanaşdığını və
ya cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qadağaya dəstək xüsusilə Yaşıllar Partiyasının tərəfdarları
arasında yüksəkdir – 71 faiz. XDİ tərəfdarlarının 70 faizi, SPD
seçicilərinin isə 69 faizi təşəbbüsü dəstəkləyib. Almaniya üçün
Alternativ (AfD) və Azad Demokrat Partiyasının (FDP) seçiciləri
arasında dəstək nisbətən aşağıdır və 57 faiz təşkil edir.




Yaş qrupları üzrə də fərqlər müşahidə olunur. 30 yaşdan yuxarı
respondentlər arasında qadağaya açıq dəstək var. 30 yaşdan aşağı
şəxslər arasında isə 40 faiz lehinə, 37 faiz əleyhinə mövqe
bildirib, 15 faiz isə laqeyd qalıb.

INSA institutunun direktoru Hermann Binkert bildirib ki, 16
yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsini müdafiə
edənlər, hətta gənclərin əksəriyyətini inandıra bilməsələr belə,
ümumi əhali arasında geniş dəstəyə malikdirlər.

Sorğu 11–12 dekabr tarixlərində aparılıb və 1003 nəfəri əhatə
edib.

Qeyd edək ki, dekabrın 10-dan etibarən Avstraliyada 16 yaşdan
kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun
qüvvəyə minib. Qanuna əsasən, ölkədə fəaliyyət göstərən sosial
media platformaları uşaqların və yeniyetmələrin hesablarını deaktiv
etməlidirlər.