Azərbaycandan Suriyaya təbii qaz ixracının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Suriya Ərəb
Respublikasına 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyon
kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Qeyd edək ki, bu il iyulun 12-də Suriyanın keçid dövrü
Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri
çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında
Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl
Bəşir imzalayıblar.




İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki
hazırlıqlar tamamlanıb. Bu ilin avqustun 2-dən etibarən isə
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start
verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard
kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis
şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına
çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.
Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı
gücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında
Azərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində
20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon
ABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyon
kubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ
dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu
isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2
milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyon
kubmetr və yaxud 49,1% azdır.