
Bakı. Trend:
Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana
198,970 milyon ABŞ dolları dəyərində 1,890 milyard kubmetr (qaz
halında) təbii qaz ixrac edilib.
Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici məbləğ ifadəsində 64,6 milyon dollar və ya 24,5%, həcminə
görə isə 880,2 milyon kubmetr və ya 31,8% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabrt
aylarında Azərbaycandan Gürcüstana 2,771 milyard kubmetr təbii qaz
ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 263,595 milyon ABŞ dolları
idi.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında
Azərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində
20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon
ABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyon
kubmetr və ya 3,2% azdır.
Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ
dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu
isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2
milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyon
kubmetr və yaxud 49,1% azdır.

