
Bakı. Trend:
Tailand və Kamboca rəhbərliyi cəbhə xəttində baş verən qanlı
toqquşmalardan sonra atəşkəsə razılaşıblar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz
“Truth Social” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Tailandın baş naziri Anutin Çarnvirakul və
Kambocanın Baş naziri Hun Manet ilə “uzun müddətdir davam edən
müharibələrinin yenidən alovlanması” məsələsi ilə bağlı söhbət
edib.
“Onlar bu axşamdan etibarən atəşkəs elan etməyə və Malayziyanın
baş naziri Ənvər İbrahimin də yardımı ilə, şəxsən mənimlə və
onların öz aralarında bağlanmış ilkin sülh sazişinə geri dönməyə
razılaşıblar”,- deyə Tramp yazıb.
O, hər iki ölkənin də “sülhə və ABŞ ilə ticarətin davam
etdirilməsinə” hazır olduğunu vurğulayaraq, bu dövlətlərin
liderləri ilə işləməyin onun üçün “bir şərəf” olduğunu qeyd
edib.
Tramp həmçinin, Tailand və Kamboca arasında atəşkəsin təmin
olunmasına göstərdiyi köməyə görə Malayziyanın baş naziri Ənvər
İbrahimə təşəkkür edib.

