Turizm Agentliyi qış turizmi ilə bağlı görülən işləri açıqlayıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir.
Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış
xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün
hazırlıq işləri yekunlaşmaqdadır.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat
verilib.

“Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq dekabr
ayının ortalarında başlayır və mart ayının sonlarınadək davam edir.
Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın
Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə
Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər
aparılır. Dövlət Turizm Agentliyi tərəfindən ilboyu qış turizminin,
həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq
sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir”, – qurumdan
qeyd edilib.

Agentlikdən bildirilib ki, Azərbaycanda qış mövsümü üzrə turizm
imkanlarının təbliği, ölkəyə qış mövsümündə səyahət edən
turistlərin sayının artırılması məqsədilə, həmçinin ölkəmizin qış
turizmi üzrə cəlbedici destinasiya kimi tanıdılması məqsədilə hədəf
ölkələrdən aparıcı turizm şirkətləri və media nümayəndələri üçün
tanıtım səfərləri təşkil edilir:




“Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi
şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub
ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm
dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlı
rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının
ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri
üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə
malikdir”.

Qurumdan vurğulanıb ki, işğaldan azad edilmiş ərazilər üzrə də
qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur.

“Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər
rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada
İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu,
Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli
destinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonunun
Minkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmi
fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii
coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin
rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad
edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və
dayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək vermə
potensialına malikdir”,- deyə agentlikdən əlavə edilib.