
Bakı. Trend:
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında
Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji
interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji
təchizatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Trend xəbər
verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında
paylaşım edib.
“Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru
Jarrod Agen ilə görüşdük. Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin
edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə,
Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data
mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir
mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla
Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının
həcmi 1,059 milyard ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu,
2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,7 milyon
ABŞ dolları və ya 1,9% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 2,59%-i həcmində olub. Bununla da ABŞ hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Amerika
Birləşmiş Ştatlarına 52,7 milyon dollarlıq məhsul ixracı qeydə
alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 milyon ABŞ
dolları və ya 2,2 dəfə azdır.
Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 1 milyard ABŞ
dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3%
artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

