
Dekabrın 11-də Britaniya Ticarət Palatası Azərbaycan (BBCA) tərəfindən Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə elçisi Lord Con Alderdaysın Azərbaycana ilk rəsmi səfəri münasibətilə şam yeməyi verilib.
APA xəbər verir ki, mərasimdə yüksək səviyyəli rəsmilər və biznes liderləri iştirak edərək Böyük Britaniya–Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyi və dayanıqlı maliyyə sahəsində prioritetləri müzakirə ediblər.
BCCA-nın icraçı direktoru Zibar Hüseynova və təşkilatın sədri Kieran Reddinqton tədbirin açılışını ediblər.
Onlar güclü ikitərəfli tərəfdaşlığın əhəmiyyətini və Palatanın hər iki ölkənin biznes icmaları arasında dialoqun dəstəklənməsindəki rolunu vurğulayıblar.
Qəbul zamanı Lord Alderdays çıxış edərək Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişaf mərhələlərinə, Azərbaycanın iqtisadi transformasiyasına və gələcək əməkdaşlığın formalaşmasında dayanıqlı maliyyənin roluna toxunub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Sektorunda Dayanıqlı İnkişaf Departamentinin direktoru Rüstəm Tahirov əsas məruzə ilə çıxış edib.
O, ölkənin maliyyə sisteminin gücləndirilməsi və qlobal dayanıqlılıq standartlarına uyğunlaşdırılması istiqamətində görülən işləri təqdim edib.
Tədbir çərçivəsində “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev tərəfindən “Robin Bennett Mükafatı” təqdim olunub.
Bu il mükafat Böyük Britaniya–Azərbaycan iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə verdiyi müstəsna töhfələrə və Palatanın missiyasına uzunmüddətli dəstəyinə görə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld-a təqdim edilib.
Tədbir iştirakçılar üçün şəbəkələşmə sessiyası ilə yekunlaşıb.
Sessiya gələcək əməkdaşlıq imkanları və hər iki bazarda məsuliyyətli investisiya mühitinin inkişaf edən mənzərəsi barədə fikir mübadiləsi aparmaq imkanı yaradıb.
BCCA Böyük Britaniya və Azərbaycan arasında ticarət, investisiya və iqtisadi tərəfdaşlığa dəstək göstərən ölkənin aparıcı biznes platformalarından biridir.
Palata tədbirlər, advokasiya və sektorlar üzrə təşəbbüslər vasitəsilə strateji məlumatlar təqdim edir və dövlət-özəl tərəfdaşları arasında dialoqun qurulmasına şərait yaradır.

