Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşması və müstəqilliyimizin möhkəmlənməsi Ulu Öndərin adı ilə bağlıdır – Cəlil Xəlilov

Baş səhifə

Bakı.Trend:

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi vahid
prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasətinin
həyata keçirilməsinə başlanıldı. Azərbaycanın milli inkişaf və
təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş
ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual
əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil
dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək,
milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə
çevrildi.

Bunu Trend
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6
ildə, əsasən, təcili və təxirəsalınmaz işlərdən – ölkədə dərin
ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və
xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş
qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət
idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə,
xüsusən, 1998-ci ildən başlayaraq bu iş dövlətin xarici və daxili
təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl
konseptual siyasi xəttinə çevrilib: “Azərbaycanın milli
təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi,
Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı
çıxışlarında öz əksini tapıb. Lakin bütövlükdə ölkənin Milli
Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik
siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli
vaxt lazım olub. Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik
siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik
orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və
fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. Ümummilli Lider
Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqillik illərindəki
tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və
ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin
naşılığı üzündən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin də
fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst
istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və
partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik
ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı
məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək
əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli
maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına
çevrilmişdi.1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər
Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə
daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr
potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək,
təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə
hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri
müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq,
təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Ulu Öndər Heydər
Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata
keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycanın
hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş
və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı,
bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi
tələbkarlıq, eyni zamanda, gündəlik nəzarəti, qayğısı və diqqəti
ilə bağlı idi”.




Cəlil Xəlilov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il
iyunun 28-də keçmiş Milli Təhlükəsizlik Nazirliyində milli
təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis
edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik
orqanlarının qarşısında müvafiq vəzifələr qoyub: “Ümummilli Liderin
təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu
tələblər nəticəsində müstəqilliyimizə və dövlətçiliyimizə qarşı
yönəlmiş qəsdlərin, terror aktlarının və digər ağır cinayətlərin
qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki,
Ulu Öndər Heydər Əliyev “Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli
Fərmanında Azərbaycanın güc strukturları qarşısında mühüm vəzifələr
qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi,
vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə
yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz
silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən
törədilən terror aktları, təxribat, qəsdən adamöldürmə, banditizm,
silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə
də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.
Bundan başqa, Daxili İşlər Nazirliyinə və keçmiş Milli
Təhlükəsizlik Nazirliyinə ağır cinayətlərin qarşısının alınması və
üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət
sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədilə kompleks
tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi.
Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması,
cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat
aksiyalarının qarşısının alınması və digər istiqamətlərdə görülən
işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə
tam zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin peşəkarlığı və
yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə olundu”.

Polkovnik qeyd edib ki, Azərbaycan bu gün öz dövlətçilik
ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi,
əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. “Bu sahədə üzərinə
mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan
xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub
saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görüb.
Xidmət ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə
yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq
Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması,
irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli
uğurlar qazanıb. Təhlükəsizlik orqanları Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir
dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmayıb, həm də
sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə
yetirməyə çalışıb”, – deyə Cəlil Xəlilov diqqətə çatdırıb.