Bakı. Trend:
2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor
və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri
namizədlərin şəxsi səhifələrinə göndərilib.
Trend xəbər
verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat
yayıb.
Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə
14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn
formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə
qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər
15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak
edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə
edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə
təhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinə
təyinatı həyata keçirilib.
Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin
araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi
tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər
müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını
ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə
bilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalı
vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə
nömrəsi qeyd edilməklə [email protected] elektron poçt ünvanına
göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28
dekabr saat 18:00-da başa çatacaq.

