
Bakı. Trend:
12 dekabr 2025-ci ildə Ümummilli Lider Heydər Əliyevin anım günü
ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı
səfirliyində anım mərasimi keçirilib
Trend bu barədə
Azərbaycanın Çindəki Səfirliyinə istinadən xəbər verir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə
əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad
edilib.
Səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin
yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi
Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin
və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə
danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və
qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər Əliyevin
Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından
çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını
vurğulayıb.
Səfir bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin
inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanın Çində səfirliyi təsis edilib, 7-10 mart 1994-cü ildə
Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə
malikdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
cənab İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət
nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa
olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinə
çevrilib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası
arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Daha sonra Səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətində
daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və
adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına
dəstək verən “Pekin Uşaq Rifah İnstitutu”nu ziyarət ediblər.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində
bildirb ki, Azərbaycan xalqı mərhəməti və humanistliyi ilə tanınır.
Ümummilli Lider Heydər Əliyev də fəaliyyətinin bütün dövrlərində
mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub.
Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini
məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında
qurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci
xanımı Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr
həyata keçirir və xeyriyyə tədbirləri təşkil edir. Bayram və
əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla
görüşür, onlar üçün maraqlı – mədəni proqramlar təşkil edir. Heydər
Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş
vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət
edir.
“Pekin Uşaq Rifah İnstitutu”nun rəhbəri Səfirliyin xüsusi
qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək
qiymətləndirərək bildirdi ki, mərhəmət dolu belə təşəbbüsə görə
Azərbaycan xalqına və Azərbaycan Səfirliyinə minnətdarıq. Mərhəmət
sərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçün
Azərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayan
hisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adına
göstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir və
onların özünə inam hissini artırır.
Sonda müəssisədə müalicə alan uşaqların istifadəsi üçün zəruri
olan gündəlik təlabat məhsulları təqdim edilib.

