Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Corc Vaşinqton
Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin “Anım Günü”nə həsr olunmuş tədbirdə çıxış edib.

Trend bu barədə
Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın
dövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. Ümummilli
Liderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa
xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi
əməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. Heydər
Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə
imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığının
ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq
bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından
iştirakının başlanğıcı kimi qiymətləndirilib.

“Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunu
ilk dəfə Amerikada “Əsrin müqaviləsi” adlandırdılar. Birləşmiş
Ştatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni,
Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” – deyə
nazir Ulu Öndərdən sitat gətirib.




“Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neft
şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin
dəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi
layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu
nümunələri kimi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqli
davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və ABŞ Prezidenti cənab Donald Trampın liderliyi ilə hazırda
münasibətlərimiz möhkəmlənir, enerji tərəfdaşlığımız isə yeni
strateji mərhələyə qədəm qoyub.

Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri
Xəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millət
vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə çəkilən “İz” filmi nümayiş olunub.