Sahibkarlar sürücülərin tibbi müayinəsinin aparılmamasıma görə məsuliyyət daşımırlar – Konstitusiya Məhkəməsi

Baş səhifə

Bakı. Trend:

Sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və
ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə
yetirən hüquqi şəxslər və fərdi sahibkarlar sürücülərinin
reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə
görə məsuliyyət daşımırlar.

Trend-in
məlumatına görə, bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin 24
noyabr 2025-ci il tarixli Qərarında öz əksini tapıb.

Qərarda bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna
əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə
yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması,
sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.

Qanunda həmçinin aşağıdakı anlayışlar da müəyyənləşdirilib:

  • avtomobil nəqliyyatı ilə kommersiya məqsədli
    daşımalar
    – sərnişin və ya yük daşınması müqaviləsi yaxud
    digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən
    daşımalar;
  • avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün
    daşımalar
    – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən
    sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya
    yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən
    daşımalar;
  • daşıyıcı – daşınma müqaviləsi və ya digər
    qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını
    yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
    nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi
    sahibkar.

Göründüyü kimi, qanunverici daşımanın bu iki növünün (kommersiya
məqsədli və təsərrüfat ehtiyacları üçün daşımalar) bir-birindən
fərqləndirilməsini zəruri hesab edib, daşıyıcıya isə məhz haqq
müqabilində daşımanı yerinə yetirən subyekt kimi anlayış verib.




Qərarda o da göstərilib ki, “Avtomobil nəqliyyatı haqqında”
Qanuna əsaslanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilən
Qaydalarda da bu Qaydanın müddəalarının məhz avtomobil nəqliyyatı
ilə kommersiya məqsədli daşımalara şamil olunduğu təsbit
edilib.

Konstitusiya Məhkəməsi məhz göstərilən qanunvericilik
normalarının təhlilinə əsaslanaraq qərar verib ki, sərəncamlarında
olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin
daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi
şəxslər və fərdi sahibkarlar avtonəqliyyat vasitələrinin texniki
vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat
vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi
müayinəsinin təşkil edilməməsinə görə məsuliyyət
daşımırlar.

Qərarda o da göstərilib ki, gələcəkdə “Avtomobil nəqliyyatı
haqqında” Qanunla onun məqsəd və funksiyalarından irəli gəldiyi və
buna zərurət olduğu təqdirdə, müəyyən qayda və tələblərin şəxsi
ehtiyaclar üçün yük və ya sərnişin daşımalarını həyata keçirən
sahibkarlıq subyektlərinə tətbiq olunması da nəzərdə tutula bilər.
Bu isə yalnız qanunvericiliyə bununla bağlı dəyişikliklərin
edilməsi vasitəsilə mümkündür.

Məlumat üçün bildirək ki, qərar noyabrın 24-də qəbul edilib,
noyabrın 28-də qüvvəyə minib, dekabrın 1-də Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilib.