
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Corc
Vaşinqton Universitetində Azərbaycan Respublikasının ABŞ-dakı
Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Səfirliyin əməkdaşları, ABŞ-da səfərdə olan dövlət
rəsmiləri, burada yaşayan azərbaycanlı icmasının üzvləri, eləcə də
müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr
iştirak ediblər.
Mərasim Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının ABŞ-da səfiri Xəzər
İbrahim giriş nitqi ilə çıxış edərək diplomatik karyerasının ABŞ-da
başladığını və ümumilli liderin iki ölkə arasında münasibətlərin
dərinləşməsi üçün gördüyü işlərə şahid olduğunu deyib. O bildirib
ki, Vaşinqtonda 8 avqust görüşündən sonra ikitərəfli əlaqələrdə
növbəti mərhələ başlayıb, lakin bu əlaqələrin təməli məhz ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında
Azərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətin
siyasi proseslərdən və Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən
işlərdən danışıb. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdə
ABŞ-a səfərləri, səfərlərə hazırlıq prosesindən və Heydər Əliyevin
ABŞ siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs edib. O
bildirib ki, Ulu Öndər vətənini sevən güclü diplomat idi və
Azərbaycan diplomatiyasının bu günki uğuru da o dövrdən
başlayır.
Ardınca Azərbaycan Respublikasının energetika naziri Pərviz
Şahbazov çıxış edərək müstəqil olduqdan sonra Azərbaycanın bütün
sahələrdə və xüsusilə energetika, neft-qaz sahələrində gördüyü
işlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə,
mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə və çətin regionda neft
qaz layihələrinin həyata keçirilməsi asan iş deyildi. Onun
sözlərinə görə, Azərbaycanın inkişafında müstəsna rol oynayan neft
müqavilələri ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Nazir
bildirib ki, Ulu Öndər ABŞ-la münasibətlərə önəm verirdi və bunun
sayəsində enerji sahəsində böyük beynəlxalq müqavilələr öz imzasını
tapırdı və gerçəkləşdirilirdi.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı,
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Səməd Seyidov çıxışında deyib ki, Heydər Əliyevin siyasəti
nəticəsində ABŞ-la münasibətlərin genişlənməsi Azərbaycan üçün
Avropaya qapıları da açıb. O bildirib ki, ABŞ-la əlaqələr,
imzalanmış müqavilələr Ulu Öndərin ən böyük nailiyyətlərindən biri
olub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
O əlavə edib ki, Azərbaycanın bu günki uğuru ölkə başçısının
siyasəti və ulu öndərin fəlsəfəsi ilə bağlıdır.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan
və Ümummilli Lider Heydər Əliyevə həsr olunan “İz” sənədli filmi
nümayiş etdirilib.
Sonda universitetin foyesində Ulu Öndərin ABŞ-a səfərləri və
ikitərəfli görüşlərdə iştirakı ilə bağlı foto sərgi iştirakçıların
diqqətinə təqdim olunub.

