Azərbaycan-BƏƏ media sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən
“Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media
Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin
Butti Al Hamed arasında görüş keçirilib.

MEDİA-dan Trend-ə verilən məlumata görə, Medianın
İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan
ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya
sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və
təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri
arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini
qeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq
layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin
səmərəliliyini artıracağını diqqətə çatdırıb.




Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media
Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-də
media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya
və beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılan
təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media və
kommunikasiya sahəsində əlaqələrin inkişafını yüksək
qiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeni
imkanlar açacağını bildirib.

Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq
doğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin,
seminarların, təlimlərin və konfransların təşkili məsələləri
müzakirə olunub.