
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 11-də
davam etdirilib.
Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün
vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə etmək
imkanı yaradılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev replikasında əvvəlcə
təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının
mübahisələndirilməsinə dair hissə barədə danışıb.
Xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik
dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün
yaradılır.
Dövlət ittihamını müdafiə edən prokurorun sözlərinə görə,
məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki,
Birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd
edilən cinayətkar dəstələr Ermənistan tərəfindən formalaşdırılmağa
başlanmışdı: “Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi
ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən
dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin
silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş
ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm
siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi,
özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini
işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.
Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David
Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan “28-ci Martuni”
batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz
qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və
hərbiləşdirilmiş forması olub”.
Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, Azərbaycan
Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz
həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar
təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin
əsas fiqurlarından olan hazırkı təqsirləndirilən şəxslərin
məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.
“Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi
və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də,
hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu
cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda
isə hazırda ittiham edilən şəxslərin bir qismi formal olaraq da
Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer
tutublar. Yəni, bu mənada, işğalın təşkilatçılığı, həyata
keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və
qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib”, – deyə
dövlət ittihamçısı əlavə edib.
O, daha sonra bildirib: “Məhkəmə istintaqında tədqiq olunan
Davit İşxanyanın döyüş yolundan bəhs edən videomaterialdan görünür
ki, Şuşaya hücum zamanı ona verilən tapşırıq köməyə gələn
Azərbaycan Ordusunun qarşısını almaq idi. Yəni, o özü bilavasitə
Şuşaya hücumda fiziki iştirak etməsə də, hərəkətləri ilə həmin
hücuma zəmin yaradıb, yaxud hücumun qarşısının alınması ilə bağlı
tədbirlərə imkan verməyib. Bu, tipik cinayətkar birliyin
xüsusiyyətidir. Eynilə, Kəlbəcərdə hansısa kəndin işğalında iştirak
edən, yolun bağlanması üçün post quran David Manukyan, Ağdamın
kəndlərində qurulan postlarda əlində silah duran Melikset Paşayan,
Qubadlı, Zəngilan və Ağdam rayonlarının işğalı zamanı artilleriya
dəstəyi göstərmiş Lyova Mnatsakanyan, Ağdərə, Kəlbəcər və Tərtər
rayonlarının işğalı zamanı, eləcə də Xocalının işğalında iştirak
etmiş Madat Babayan və digərləri müvafiq olaraq ərazilərin
işğalında təqsirlidirlər”.
Dövlət ittihamçısı vurğulayıb ki, bütün hüquqi gerçəkliklərə
bələd olmalarına baxmayaraq hazırkı təqsirləndirilən şəxslər
cinayətkar birliyin qeyd edilən vahid məqsədlərinə (Azərbaycanın
vaxtilə işğal edilmiş ərazilərinin Ermənistana birləşdirilməsinə –
red.) çatmaq uğrunda öz üzərlərinə götürdükləri “funksiyalarını”
icra ediblər.
V.Əliyev çıxışının davamında Arkadi Qukasyanın müdafiəçisinin
çıxışı ilə bağlı da ittiham tərəfinin mövqeyini bildirib: “Arkadi
Qukasyanın müdafiəçisinin qeyd etdiyi kimi, onun jurnalist olması
avtomatik şəkildə cinayətkar olması demək deyil, onun jurnalist
fəaliyyəti siyasi tramplin olmayıb. O, məhz cinayətkar birliyin
qeyd edilən məqsədlərinə çatmaq üçün üzərinə düşən “funksiyaları”
icra etməklə cinayətkar birliyin digər üzvləri tərəfindən digər
zorakı cinayətlərin törədilməsini asanlaşdırdığına görə,
hakimiyyəti zorla ələ keçirmə cinayət əməlini törətdiyinə və sair
əməllərinə görə məsuliyyətə cəlb edilib”.
V.Əliyev daha sonra deyib: “Davit Allahverdiyan, David Babayan
və digər təqsirləndirilən şəxslərin Birinci Qarabağ müharibəsi
dövründə yaşlarının az olması ilə bağlı və sair fikirlər
səsləndirilsə də, nəzərə alınmalıdır ki, qeyd olunan dövrə dair
həmin şəxslərə ittiham elan edilməyib”.
Zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov çıxışında deyib
ki, müdafiəçilərin mütləq əksəriyyətinin müdafiə nitqi formal
mülahizələrə əsaslanıb: “Təkcə təkzibedilməz bir faktı qeyd etmək
yetərlidir ki, iş üzrə təqsirləndirilən şəxslərin istisnasız olaraq
hamısı tərk-silah edilməklə saxlanıldığı zaman ya onların üzərində,
ya da yaşayış yerində aparılmış axtarış zamanı müxtəlif növ silah
və döyüş sursatı aşkar edilərək götürülüb”.
Vəkil bildirib ki, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı
təqsirləndirilən şəxslərin, demək olar hamısının törətdikləri
əməldən səmimi peşmanlıq hissi keçirmədiyini nümayiş etdirmələri də
nəzərə alınmalıdır.
Ş.Hüseynov dövlət ittihamçılarının təklifi nəzərə alınmaqla,
təqsirləndirilən şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını
məhkəmədən xahiş edib.
Zərərçəkmişlərin digər nümayəndələri Aydın Hacıyev çıxışında
təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən
xahiş edib: “Təqsirləndirilən şəxslərə ədalətli cəza təyin etməklə,
eyni zamanda, zərərçəkmiş şəxslərin hüquqları qismən də olsa bərpa
edilmiş olar. Çünki onların konstitusion hüquqları, yaşamaq hüququ,
təhlükəsizlik hüququ, mülkiyyət hüququ, mənzil hüququ, təhlükəsiz
yaşamaq hüququ kimi hüquqları Ermənistan silahlı qüvvələrinin və
təqsirləndirilən şəxslərin birbaşa fəaliyyətinin nəticəsi olaraq
pozulub”.
Zərərçəkmişlərin digər nümayəndəsi Rauf Abdullayev çıxışında
təqsirləndirilən şəxslərin layiqli cəzaya məhkum olunmalarını
məhkəmədən xahiş edib.
Daha sonra replika hüququndan istifadə etmək üçün söz müdafiə
tərəfinə verilib.
Təqsirləndirilən şəxs Vasili Beqlaryanın müdafiəçisi Vüqar
Heydərov beynəlxalq məhkəmə qərarlarına istinad edərək deyib ki,
əgər şəxsin istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı
verdiyi ifadə arasında ziddiyyət varsa, məhkəmə istintaqı zamanı
verdiyi ifadə üstün götürülməlidir: “İbtidai istintaq zamanı
verilmiş ifadə müstəntiq tərəfindən sübut toplama prosesidir. Ona
görə də məhkəmə istintaqı üstün götürülməlidir”.
O, müşavirə otağında qərar qəbul edərkən müdafiə etdiyi şəxsin
məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürməyi
məhkəmədən xahiş edib.
Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov
bildirib ki, ittiham tərəfi iştirakçılıqla bağlı halları düzgün
qiymətləndirməyib, tövsif düzgün edilməyib.
Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova
məhkəmənin qanunçuluq, ədalət prinsiplərini əsas tutacağına
inandığını deyib. O, A.Qukasyan barəsində bəraət hökmünün
çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən David Manukyanın müdafiəçisi Dmitriy Zinçenko
müdafiə etdiyi şəxsin vaxtilə hərbi qulluqçu olduğunu, əmrləri icra
etdiyini deyib. O, D.Manukyan barəsində bəraət hökmünün
çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəçisi Aqşin
Məmmədli, təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi
Anar Məmmədov, təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi
Nigar Mirbabayeva da replikalarında ittiham tərəfinin replikaları
ilə bağlı öz arqumentlərini səsləndiriblər.
Replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxslərə son söz
verilib.
Sədrlik edən Z.Ağayev bildirib ki, təqsirləndirilən şəxs son
sözünü söyləyərkən onlara suallar verilməsinə yol verilmir.
Təqsirləndirilən Levon Balayan çıxışında təqsirli olmadığını
deyib və əlavə edib: “Mənim üstümdə silah olub, amma adamlara atəş
açmamışam, atəşlər havaya açılıb”.
Təqsirləndirilən şəxs Madat Babayan adam öldürmədiyini, təkcə
havaya atəş açdığını bildirib.
Təqsirləndirilən şəxs Qarik Martirosyan özünü təqsirli hesab
etmədiyini bildirib.
Təqsirləndirilən Melikset Paşayan qeyd edib ki, əvvəllər də
dediyi kimi, Ağdamın kəndlərində olub, lakin orada döyüş
əməliyyatlarında iştirak etməyib. Əlavə edib ki, 2023-cü ildə üç ay
postda olub.
Təqsirləndirilən Davit Allahverdiyan heç bir cinayət
törətmədiyini, qanunlara tabe olduğunu söyləyib.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan özünü təqsirli hesab
etmədiyini bildirib.
Təqsirləndirilən Erik Qazaryan 2021-2023-cü illərdə Ermənistan
silahlı qüvvələrinin əsgəri olduğunu, xidmət dövründə hərbi xidmət
borcunu yerinə yetirdiyini, ona qarşı irəli sürülmüş ittihamlarla
bağlı özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən Vasili Beqlaryan heç bir cinayət törətmədiyini,
cinayətkar qrupun üzvü olmadığını, özünü təqsirli hesab etmədiyini
söyləyib.
Təqsirləndirilən David Manukyan çıxışında ittiham tərəfinin
bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.
Məhkəmədə fasilə elan olunduğundan, onun son söz çıxışı növbəti
məhkəmə iclasında davam etdiriləcək.
Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

