Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

Baş səhifə
Videonun alt yazısı, Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

Artıq daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq. Daha komandanı daxili işlər nazirinin müavini olmayacaq.

Milli Məclisin bu həftə qəbul etdiyi yeni qanun layihəsində tabeçiliklə yanaşı başqa dəyişikliklər də var.

Daxili qoşunlara polis kimi şübhəli şəxsləri saxlamaq, həbs etmək səlahiyyəti verilir. Həmçinin kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulmasının qarşısını almaq vəzifəsi əlavə edilib.

Əvvəlki 1994-cü il qanununda daxili qoşunların dinc, icazəsiz mitinqlərin qarşısını alması qadağan idi.

Təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu hesab edir ki, müxalifət partiyalarının bağlanmasına çağırış, hakimiyyət tənqidçilərinin həbsi, sosial-iqtisadi vəziyyətin pisləşməsi və Ramiz Mehdiyev ətrafında dövlət çevrilişinə cəhd iddiaları ölkədəki vəziyyəti göstərir.

“Evlərdə gəlib axtarış aparmaq, insanları həbs etmək səlahiyyəti verilir daxili qoşunlara. Sual olunur ki, polisin, DTX-in bu əməliyyatları həyata keçirdiyi bir şəraitdə daxili qoşunlara nə ehtiyac var?! Deməli hakimiyyət bu səlahiyyət dairəsini genişləndirməklə özünü daha güclü, daha geniş bir etiraz dalğasına hazırlayır”, – Ərəstun Oruclu deyib.

Oruclu həmçinin tabeçiliyin Prezidentə verilməsini DİN-ə etimadsızlıq kimi qiymətləndirir.

Milli Məclisin komitə sədri Arzu Nağıyev isə BBC-yə deyib ki, qanun müharibədən sonra müdafiə qabiliyyətini gücləndirmək üçün dəyişdirilib.

O, Milli Məclisdə qanun layihəsini təqdim edərkən deyib:

“Yeni qanun ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir”.

Yeni qanunda daxili qoşunların silahdan istifadə şərtləri genişləndirilib: elektroşok cihazları, rezin güllələr, xüsusi texnika əlavə edilib.

Odlu silah terror, girov götürmə, silahlı basqın və qiyam hallarında tətbiq edilə bilər.

Daxili qoşunlar son illərdə pandemiya dövründə polislə birgə xidmət aparıb, hazırda küçələrdə xidmət yoxdur.