
Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil
ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq
təhsilinin dünəni, bu günü və gələcəyi” adlı beynəlxalq
elmi-praktiki konfrans təşkil olunub.
Tədbirdə yerli və xarici ali təhsil müəssisələrinin
nümayəndələri, beynəlxalq elm-təhsil qurumlarının təmsilçiləri,
memarlıq sahəsi üzrə tanınmış mütəxəssislər və universitetin
professor-müəllim heyəti iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru,
memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbəri olduğu ali
məktəbin formalaşma tarixinə geniş nəzər salıb. Professor Gülçöhrə
Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali
təhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır.
Onun sözlərinə görə, 1920-ci ildə Bakı Politexnik İnstitutunun
tərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memar
kadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsi
olub. 1930–1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıq
İnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olan
təhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.
Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, ötən əsrin müxtəlif
mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü
AzMİU-nun təməlini formalaşdırıb. Tərkibində aparılan struktur
islahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqların
qurulması, professor-müəllim heyətinin elmi potensialının
gücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaat
məktəblərindən birinə çevirib.
Rektor qeyd edib ki, 50 illik yubley ərəfəsində keçirilən bu
konfrans yalnız universitetin keçdiyi şərəfli yola ehtiram deyil,
həm də Azərbaycanın memarlıq təhsilinin inkişaf strategiyasının
müzakirə olunduğu mühüm elmi platformadır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarə
Heyətinin sədri, professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək
ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm
nailiyyətlərdən danışıblar.
Çıxışçılar bildiriblər ki, Azərbaycanda memarlıq təhsili artıq
tam peşəkar mərhələyə keçid edib və beynəlxalq tələblərə uyğun
şəkildə inkişaf etdirilir. Onların sözlərinə görə, bu sahədə
sistemli islahatlar, müasir tədris standartlarının tətbiqi,
elmi-tədqiqat mühitinin gücləndirilməsi və kadr hazırlığının
keyfiyyətinin artırılması memarlıq ixtisasının nüfuzunu daha da
yüksəldib.
Çıxışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin
memarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcı
rol xüsusi qeyd olunub. Son Ali təhsil ocağının son illərdə
qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi,
tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarının
artırılması, eləcə də innovativ layihələrin reallaşdırılması
sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.
Sonda vurğulanıb ki, Azərbaycanın memarlıq məktəbi qədim
ənənələr üzərində qurulsa da, bu gün müasir yanaşmalar, yenilənən
infrastruktur və peşəkar kadr potensialı ilə regionda nümunəvi
model kimi çıxış edir. Bu istiqamətdə AzMİU-nun fəaliyyəti ölkədə
memarlıq təhsilinin davamlı inkişafının əsasında dayanır.
Konfrans çərçivəsində Memarlıq fakültəsinin dekanı, professor
Zahidə Məmmədova “Azərbaycanda memarlıq təhsilinin konseptual
transformasiyası: dəyərlər, çağırışlar və perspektivlər” mövzusunda
geniş məruzə ilə çıxış edib. O, müasir memarlıq təhsilinin
qarşısında dayanan qlobal və lokal çağırışlara diqqət çəkib.
Professor qeyd edib ki, sürətlə dəyişən urbanistika mühiti,
ekoloji davamlılıq məsələləri, rəqəmsal texnologiyaların memarlıq
praktikasına inteqrasiyası və beynəlxalq standartlarla uyğun tədris
modellərinin tətbiqi memarlıq təhsilinin modernizasiyasını zəruri
edir.
Zahidə Məmmədovanın sözlərinə görə, Azərbaycanda memarlıq
təhsilinin yeni konseptual çərçivəsi insanmərkəzli yanaşma, davamlı
inkişaf prinsipləri, innovativ memarlıq həlləri və multidissiplinar
yanaşmanı əsas götürməlidir.
O vurğulayıb ki, AzMİU bu istiqamətdə mühüm addımlar atır: yeni
tədris proqramları hazırlanır, qabaqcıl beynəlxalq universitetlərlə
ikili diplom layihələri genişləndirilir, tələbələrin rəqəmsal
dizayn və layihələndirmə bacarıqlarını artıran müasir
laboratoriyalar yaradılır.
Konfrans çərçivəsində müxtəlif panel müzakirələr, bölmə
iclasları və tematik sessiyalar keçirilib. Xarici universitetlərin
nümayəndələri memarlıq təhsilində innovasiyalar, şəhərsalmanın
aktual problemləri və memarlıq irsinin qorunması ilə bağlı
məruzələrlə çıxış ediblər.
Məruzəçilər Azərbaycan memarlıq təhsilinin gələcək inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın daha
da genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması ilə
bağlı bir sıra təkliflərlə çıxış ediblər.
Tədbir memarlıq sahəsində elmi fikir mübadiləsinin
gücləndirilməsi və yeni akademik təşəbbüslərin formalaşması
baxımından mühüm platforma kimi qiymətləndirilib.

