Bakı. Trend:
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər
Komitəsinin üzvlərinin builki növbəti görüşü noyabrın 26-sı baş
tutub.
Onlayn formatda keçirilən görüşdə Azərbaycan Respublikasının Elm
və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
nümayəndələri, həmçinin ADA Universitetinin prorektor, dekan və
professoları, və Corc Vaşinqton Universitetinin professor heyəti
iştirak ediblər.
ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin
Nurməmmədov, İnformasiya Texnologiyaları və Mühəndislik
fakültəsinin dekanı Abzətdin Adamov, Elm və təhsil nazirinin
müşaviri Nicat Məmmədli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Proqramının İdarəetmə
Qrupunun rəhbəri Turan Topalova cari proqram yenilikləri və qarşıda
duran məsələlərdən bəhs ediblər.
Corc Vaşinqton Universitetinin Kompüter elmləri kafedrasının
sədri Rebeka Ha, Elektrik və kompüter mühəndisliyi kafedrasının
sədri Tarik Əl-Qazavi, eyni kafedranın sədr müavini Can Korman
proqramlara yeni tələbələrin cəlb olunması və universitetlər
arasında müəllim işçi heyətinin mübadiləsi imkanlarını müzakirə
ediblər.
Tərəflər 2026-cı ildən yeni kurikulumun tətbiqi, doktorantura
pilləsinə tələbə qəbulu, professor/müəllim heyətinin
ixtisasartırması, ABŞ-yə səfərlərin planlaşdırılması kimi
məsələlərə də toxunublar. Həmçinin, görüş zamanı Kompüter
mühəndisliyi və yüksək performanslı hesablamalar üzrə magistr
proqramının növbəti illərdə dövlət proqramı çərçivəsində
maliyyələşdirilməsinin perspektivləri müzakirə ediilib.
İkili diplom proqramı tələbələrinin akademik nailiyyətlərinin
müqayisəsini və analizini aparan Rəhbər Komitə üzvləri bildiriblər
ki, gənclərin məzun olduqdan sonra ölkəmizdə peşəkar fəaliyyətlə
məşğul olmaları Kompüter elmləri, Data analitikası, eləcə də
Elektrik və elektroenergetika mühəndisliyi üzrə daha çox kadrların
yetişməsinə səbəb olacaq.
Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc
Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri
və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika
mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir.
“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə “2019–2023-cü illər üçün Dövlət
Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul
edilən 117 tələbədən 103-ü artıq təhsil müddətini tamamlayaraq
məzun olub. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə
əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün Corc
Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura
proqramına da start verib.

