Orta Dəhliz və “Şimal Cənub” beynəlxalq nəqliyyat marşrutu Avrasiyanın nəqliyyat sektorunun investisiya cəlbediciliyini artırır

Baş səhifə

Bakı. Trend:

Avrasiya məkanında nəqliyyat və logistika sektoru yüksək
investisiya cəlbediciliyini qoruyub saxlayır. Bu, xüsusilə
“Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu (TXBNM və ya Orta Dəhliz) kimi beynəlxalq
dəhlizlərin fəal inkişafı ilə bağlıdır.

Bu barədə Trend
Avrasiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.

“Son illərin əsas tendensiyalarından biri Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun (TXBNM) və ‘Şimal–Cənub’ beynəlxalq nəqliyyat
dəhlizinin əhəmiyyətinin artmasıdır. 2024-cü ildə TXBNM üzrə
yükaşırmalar 3,3 milyon tona çatıb, bunun 56,5 min 20-futluq
konteyner ekvivalenti (TEU) təşkil edib. “Şimal–Cənub” dəhlizi üzrə
daşımalar 20 milyon tonu keçib, o cümlədən 50 min TEU. 2030-cu il
üçün hədəf proqnoz TXBNM üçün 11,4 milyon ton, “Şimal–Cənub” üzrə
isə 32 milyon ton təşkil edir. Daşımaların artması dəmir yolu,
avtomobil yolu, liman və logistika infrastrukturlarının, o cümlədən
anbar sahələrinin, habelə effektiv multimodal tranzit üçün rəqəmsal
həllərin inkişafını stimullaşdırır. Mərkəzi Asiyada Avrasiya
nəqliyyat karkasının inkişafı üçün ümumi investisiya tələbatı
2035-ci ilədək 52 milyard dollardan çoxdur”, – hesabatda qeyd
olunur.




Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.