Avropada “ASAN” mükafatı təqdim olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin
Baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.

Trend xəbər
verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti Buxarest
şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi
qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş
Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda
İnnovasiya Forumu”nda iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və
müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin
artmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindən
görülmüş işlər barədə məlumat verib.

Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq
olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin
mükafatlandırılması mərasimi baş tutub.




“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu
ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin
cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında
iştirak edib. “ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsində
innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi
qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən
biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq
təsis olunmuş “ASAN” mükafatı təqdim olunub.

Xüsusi “ASAN” mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri
tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş
layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət”
təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

Xüsusi olaraq qeyd olunmalıdır ki, “ASAN xidmət”ə dair mükafat
ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə
təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika
qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə
etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Forum çərçivəsində, həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusi
sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən
müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş
təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan
Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi
Osmanov da iştirak edir.