Paytaxtın bu küçələrində mikromobillik zolaqları təşkil edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi
məqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə və
prospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, son olaraq mikromobillik zolaqları Əbdürrəhim bəy
Haqverdiyev küçəsi və İnşaatçılar prospektində yaradılıb. Növbəti
mərhələdə zolaqların davamlılığının təmin edilməsi və şəhərin
mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə
tutulur.



Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb,
təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın
təmin edilməsi üçün panduslar inşa olunub.




Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan
qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə
mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb.
Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.

Həmçinin paytaxtda skuterlər üçün 650 parklanma məntəqəsi təşkil
edilib. Velosipedlər üçün yaradılan 500 parklanma məntəqəsində isə
900-dən artıq velosiped dayanacağı quraşdırlıb.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin
mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin
qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi
baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin
genişləndirilməsi davam etdiriləcək