
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Trend Rövşən
İsmayılovun dosyesini təqdim edir:
Rövşən İsmayılov 1971-ci ildə anadan olub. 1994-cü ildə Bakı
Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu
ilə bitirib. 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında
konstitusiya hüququ ixtisası üzrə hüquq elmləri namizədi alimlik
dərəcəsi alıb. 2002-ci ildə ABŞ-ın İndiana Universitetində
elmi-təcrübə proqramı keçib. 2005-ci ildə həmin Universitetdə
“Fulbright” proqramı çərçivəsində elmi-tədqiqat fəaliyyəti ilə
məşğul olub.
O, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya
layihəsini hazırlayan Komissiyasının işçi qrupunun üzvü olub.
2006-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü, 2010-2025-ci illərdə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin hakimi olub. Həmçinin
Rövşən İsmayılov 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin
Konstitusiya hüququ kafedrasında müəllim, baş müəllim, dosent
olaraq çalışıb.
Rövşən İsmayılov hüquq normalarının təhlili, onların
konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi, konstitusiya
hüququnun müxtəlif sahələri üzrə tədris proqramlarının hazırlanması
və tədrisi, akademik planlaşdırma və elmi tədqiqatların aparılması
istiqamətində zəngin təcrübəyə malikdir.
2018-ci ildə “Əməkdar hüquqşünas” fəxri adı, 2019-cu ildə
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı və 2024-cü ildə “Heydər Əliyevin 100
illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə
təltif edilib.
Rövşən İsmayılov Azərbaycan Respublikası Prezidentinin 10 dekabr
2025-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının rektoru təyin edilib.

