Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

Baş səhifə

Bakı.Trend:

Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan
Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik
Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri
general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli
Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri
qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər
abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi
zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan
və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib,
protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

İki ölkənin nümayəndə heyəti arasında keçirilən görüşdə
general-polkovnik Z.Həsənov Azərbaycan ilə Özbəkistan arasında
həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq
münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Özbəkistan nümayəndə heyətinin rəhbərləri ölkələrimiz arasında
hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da
güclənməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə Azərbaycan-Özbəkistan arasında hərbi, hərbi-texniki,
hərbi təhsil sahələrində əməkdaşlıq, eləcə də müdafiə sahəsində
qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir
mübadiləsi aparılıb.

Görüşün sonunda Özbəkistan Respublikası Müdafiə Nazirliyi və
Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün
ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Ölkəmizə rəsmi səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti,
həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdəki baş
idarə və idarələrin əsas fəaliyyət istiqamətləri ilə tanış olub,
qonaqları maraqlandıran suallar cavablandırılıb.