Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 % artıb.
İstifadə olunmuş investisiyanın 8 milyard 421,2 milyon manatı və ya 50,6 %-i məhsul istehsalı sahələrinə, 5 milyard 614,3 milyon manatı (33,7 %-i) xidmət sahələrinə, 2 milyard 623,4 milyon manatı (15,7 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 987,5 milyon manatını və ya 78 %-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 687,9 milyon manatı və ya 76,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

