
Bakı. Trend:
Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır.
Trend xəbər
verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş
direktor müavini, “Baku Network” Araşdırma Mərkəzinin sədr müavini
Sahil Kərimli Ankarada baş tutan “Qafqaz və Orta Dəhlizin Gələcəyi:
İqtisadiyyat, Nəqliyyat və Enerji” mövzusundakı paneldə deyib.
Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya
arasında strateji körpü olduğunu vurğulayıb:
“Qlobal ticarət axınları dəyişir, dünyada yeni nizam formalaşır.
Bu kontekstdə Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır.
Orta Dəhlizin iqtisadi önəmi, ilk növbədə, ticarət dövriyyəsinin
artması ilə bağlıdır. Şərqdən Qərbə yük daşımalarının daha sürətli
və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Cənubi Qafqaz
ölkələri tranzit ölkə kimi iqtisadi gəlirlərini artıracaq, regionda
ticarət həcmi genişlənəcək.”
Onun sözlərinə görə, dəhliz boyunca limanların, dəmir yollarının
və gömrük keçidlərinin inkişafı həm də yeni iş yerlərinin
yaradılmasına səbəb olacaq:
“Regional inteqrasiya güclənəcək, ortaq infrastruktur layihələri
ölkələrimiz arasında iqtisadi əməkdaşlığı daha da artıracaq. Cənubi
Qafqaz ticarət mərkəzinə çevriləcək. Orta Dəhliz həm Şimal, həm də
Cənub dəhlizlərinə alternativ kimi strateji rol oynayır və
beynəlxalq şirkətlər üçün riskləri azaldır. Yük daşımalarında vaxt
itkisinin qarşısı alınır. Orta Dəhliz ənənəvi dəniz yolundan daha
qısadır, bu da çatdırılma müddətini və nəqliyyat xərclərini
azaldır.”
Sahil Kərimli çıxışının davamında Avropanın enerji
təhlükəsizliyində Orta Dəhlizin mühüm rol oynadığını
vurğulayıb:
“Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji
məqsəddir və Cənubi Qafqaz bu hədəfin reallaşmasında əsas həlqədir.
Cənubi Qafqaz və Orta Dəhliz XXI əsrin ticarət, nəqliyyat və enerji
xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. Region
yalnız tranzit ərazi deyil, həm də qlobal iqtisadi təhlükəsizlik,
enerji müxtəlifliyi və beynəlxalq əməkdaşlıq üçün mühüm
platformadır.”
Sahil Kərimli qeyd edib ki, infrastrukturun inkişafı, iqtisadi
inteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıran əsas
faktorlardır:
“Azərbaycan və Türkiyə həm siyasi, həm iqtisadi sahələrdə dərin
əməkdaşlıq edən iki qardaş dövlətdir. Hər zaman bir-birimizin
yanındayıq.”
Qeyd edək ki, Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq və
Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji
Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə “Qafqaz və Orta
Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji” mövzusunda
panel Ankarada baş tutub.
Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal,
Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini –
müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq,
İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon
millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma
Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq
Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev,
Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox
sayda qonaq iştirak edib.

