
“Real Madrid”in İspaniya La liqasında “Selta Vigo”ya 2-0 hesabı ilə uduzmasından sonra Yurgen Kloppun Xabi Alonsonu əvəz edəcəyi barədə iddialar dərc edilib.
Metbuat.az xəbər verir ki, Kloppun “Real”da məşqçi vəzifəsinə namizədlər arasında olduğu iddia edilir. “El Mundo”nun məlumatına görə, “Real Madrid”in idarə heyəti “Selta Vigo” matçından sonra iclas keçirib. Bir qrup Alonsonun dərhal qovulmasını tələb edib, digərləri isə ona “Mançester Siti”yə qarşı vacib Çempionlar Liqası üçün son şans verilməli olduğunu irəli sürüb. Xəbərdə deyilir ki, Klopp dəfələrlə məşqçi işləmək istəmədiyini bildirsə də, onun adı Madrid dairələrində yenidən ortaya atılıb. Klubdakı bəzi dairələr onu komdanı bir araya gətirə biləcək güclü fiqur kimi hesab edirlər.
Kloppun müqaviləsində Almaniya milli komandasında işləyə biləcəyinə dair bəndin olduğu iddia edilir. Lakin oxşar bəndin “Real Madrid” kimi klublar üçün də olub-olmadığı məlum deyil. Məlumata görə, “Real”da məşqçi vəzifəsinə klubun sevimli fiqurları olan Alvaro Arbeloa və Zinəddin Zidanın nəzərdən keçirildiyi iddia edilir.

