
Bakı. Trend:
Bir müddət öncə, “PAŞA Holding” tərəfindən “Business Talks by
PASHA Holding” adlı yeni təşəbbüs təqdim olunub. Bu təşəbbüs müasir
biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və
strateji yanaşmaların müzakirə olunduğu oflayn və onlayn tədbirlər
silsiləsidir. Təşəbbüsün əsas məqsədi dövlət və özəl sektorları
arasında peşəkar dialoqu təşviq etmək və beləcə iqtisadi inkişafa
təkan verməkdir.
9 dekabr, 2025-ci il tarixində “Business Talks” çərçivəsində
ikinci tədbir baş tutub. Tədbir “PAŞA Holding”in təşkilatçılığı,
Deloitte Azərbaycan şirkətinin tərəfdaş dəstəyi ilə həyata
keçirilib və “Kapital Bazarları və İPO” mövzularına həsr
olunub.
Tədbir iki əsas sessiyadan ibarət olub. Belə ki, tədbirin ilk
hissəsində “Kapital bazarları mövzusuna dövlət baxışı” üzrə
müzakirələr aparılıb. Tədbirin ikinci hissəsində isə əsas mövzu
üzrə korporativ sektorun fikir və gözləntiləri dinlənilib.
İlk sessiyada çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov
kapital bazarlarının inkişafının Azərbaycanda da ən vacib strateji
prioritetlərdən biri olduğunu vurğulayıb. “Təcrübə göstərir ki, bir
çoxlarını düşündürən əsas sual bu inkişafa necə nail olmaqdır.
Mərkəzi Bank bu suala “2024–2026-cı illər üzrə maliyyə sektorunun
inkişaf Strategiyası”nda cavab verib. Belə ki, biz, infrastruktur,
yeni alətlər, qanunvericilik, xarici investorların cəlbi və nəzarət
çərçivəsi kimi 5 istiqamətlə bağlı tədbirlər planı hazırlayaraq
onun icrası ilə məşğuluq”, – deyə Mərkəzi Bankın sədri
bildirib.
“Kapital bazarları hər bir ölkədə iqtisadiyyatın dərinliyini və
dayanıqlığını göstərən əsas indikatorlardan biridir. Kapital
bazarlarımızın dərinləşməsi, likvidliyin artması və investor
bazasının genişlənməsi üçün bizdə çox böyük potensial mövcuddur”,
deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
“Business Talks” təşəbbüsünün ümumi əhəmiyyətinə gəlincə isə, Cəlal
Qasımov təşəbbüsü belə şərh edib: “Qlobal iqtisadiyyatın
transformasiya etdiyi bu dönəmdə biznes icması olaraq bizim
bir-birimizə daha çox qulaq asmağa, daha çox əməkdaşlığa və daha
çox birlikdə düşünməyə ehtiyacımız var. Bu platforma həm biznes
icmasına aktual mövzual üzrə müzakirələr aparmağa imkan verir, həm
də bizneslər və dövlət sektoru arasında bir növ fikir mübadiləsini
təşviq edir.”
“Azərbaycan iqtisadiyyatında gedən transformasiya prosesləri
kapital bazarlarının inkişafını daha zəruri edir və aktuallaşdırır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dərin, likvid və
etibarlı kapital bazarları dayanıqlı iqtisadi artımın mühüm
sütunlarından biridir. Bu baxımdan bu tədbirdə aparılmış
müzakirələr həm praktik, həm də strateji önəm daşıyır” – “Deloitte”
şirkətinin idarəedici partnyoru Nuran Kərimov qeyd edib.
“Business Talks by PASHA Holding” platformasının növbəti
tədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktual
mövzuların müzakirəsi planlaşdırılır.

