
Bakı. Trend:
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun
aparılması qaydasında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya
elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra
işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək
məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət
etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir
hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə
işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək
məzuniyyətinə göndəriləcək.
Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növ
məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya
elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında
işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.

