
Bakı.Trend:
“Storytelling”: müasir publisistikanın yeni narrativləri və
aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.
Trend xəbər verir ki, Medianın
İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə
media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın
yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə
başlanılıb.
Təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı
direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli qeyd
edib ki, “storytelling” bu gün jurnalistikanın auditoriyaya təsir
imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici
formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı
imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan
verən mühüm vasitədir. O, ənənəvi yazı texnikalarının yeni məzmun
formaları ilə uzlaşdırılmasının, publisistik mətnlərin hipermətn
mühitinə uyğunlaşdırılmasının və köşə yazarlığının oxucu üçün daha
cəlbedici hala gətirilməsinin hazırkı media mühitinin əsas
çağırışları sırasında olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki,
beynəlxalq təcrübəyə əsaslanan “storytelling” yanaşmalarının və
müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan
təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və
ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir.
9-10 dekabr tarixlərini əhatə edən təlim proqramı iki fərqli qrup
üçün dörd sessiya üzrə təşkil olunub. Sessiyalar “Publisistik
üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”,
“Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı
üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri
(mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin
möhkəmləndirilməsi” mövzularını əhatə edir.
Xəbər yenilənəcək

