“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib – FOTO

Baş səhifə

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub. Sessiyalar “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” mövzularını əhatə edir.

Təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli qeyd edib ki, “storytelling” bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir: “Ənənəvi yazı texnikaları yeni məzmun formaları ilə uzlaşdırılıb, eləcə də publisistik mətnləri hipermətn mühitinə uyğunlaşdırılıb. Bundan əlavə, köşə yazarlığı oxucu üçün daha cəlbedici hala gətirilib”.

O, hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb: “Beynəlxalq təcrübəyə əsaslanan “storytelling” yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir”.

Qeyd edək ki, təlim 9-10 dekabr tarixlərini əhatə edir.