Yeni texnologiyalar neft-qaz avadanlıqlarının texniki xidmət xərclərini azaltmağa imkan verir — Alan D’Ambraccio

Baş səhifə

Bakı. Trend:

Neft-qaz sənayesində avadanlıqların texniki xidməti və
dayandırılması (“turnaround”) üzrə görülən işlər son dərəcə baha
başa gəlir və maliyyə ili ərzində operativ fəaliyyətə ən böyük
təsiri göstərən amillərdən biridir.

Trend xəbər verir
ki, bunu bu gun “ENCOTEC – TUV Rheinland Industrial Services UK”
şirkətinin (“TÜV Rheinland” – sənayedə texniki nəzarət, təftiş,
sertifikatlaşdırma və konsaltinq sahəsində ixtisaslaşan beynəlxalq
alman təşkilatının bölməsi) bazarın inkişafı üzrə meneceri və
beynəlxalq satışlar rəhbəri Alan D’Ambraccio bildirib.

Onun sözlərinə görə, bu proseslər zamanı obyektə minlərlə işçi
cəlb olunur, mürəkkəb və riskli əməliyyatlar icra edilir, avadanlıq
sökülür və insanlar onun daxilində işləyirlər.




O vurğulayıb ki, ənənəvi təftiş üsulları – UT və MP kimi ucuz
görünsə də, əslində avadanlığın sökülməsi, çənlərin boşaldılması,
izolyasiyanın çıxarılması və konstruksiyaların quraşdırılması kimi
proseslərə böyük xərclər tələb edir. Dronlar və sürünən robotlar
kimi yeni texnologiyaların tətbiqi isə bir çox işlərin, o cümlədən
daxili təftişin daha təhlükəsiz və az xərclə yerinə yetirilməsinə
imkan yaradır:

“Bu zaman ənənəvi müfəttişlər texnologiyaların tətbiqinə
müqavimət göstərə bilirlər, çünki onların işi başqa operatorlara
ötürülür. Texnologiyaların tətbiqi təftişlərin müddətini və
intensivliyini avadanlığın real tələbatına uyğun şəkildə dəyişməyə
şərait yaradır. Bu isə “turnaround” işlərini daha qısa, səmərəli və
istehsala daha az təsir edən edir”.