SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı olub

Baş səhifə
SOCAR-ın dəstəyi ilə hazırlanmış Qara qızılın sirri adlı kitabın təqdimatı olub

Bakı Kitab Mərkəzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə ilk öncə Şəhid və Vətən müharibəsi veteranlarının övladları üçün qısa tur təşkil edilib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvləri Tofiq Quliyevin “Dostluq Mahnısı”nı ifa edib, həmçinin “Sənət” incəsənət mərkəzinin bədii qrupu “Dəniz” rəqsini təqdim edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və kitabın müəllifi, Əməkdar artist Bəhram Bağırzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya tədbirdə iştirakına və göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər. “Qara qızılın sirri” kitabı barədə fikirlərini bölüşən çıxışçılar Azərbaycanın neft tarixindən bəhs edən nəşrin əhəmiyyətini qeyd edib, kitabın növbəti cildinin ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nə həsr ediləcəyini ifadə ediblər.

Tədbirdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunduqları vurğulanıb. Tarixi zəfərlərimizin memarı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıq ifadə edilib. Heydər Əliyev Fondu tərəfindən Şəhid ailələrinə və müharibə veteranlarına göstərilən davamlı diqqət xüsusi vurğulanaraq Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu kimi layihələrdə şəxsən iştirakının tədbirləri daha da əlamətdar etdiyi bildirilib.

Təqdimatın “Oxu saatı” hissəsində SOCAR könüllüləri tərəfindən uşaqlara “Qara qızılın sirri” kitabından parçalar səsləndirilib.

Tədbir çərçivəsində kitabın müəllifi Bəhram Bağırzadə uşaqlar üçün xüsusi imzalama sessiyası keçirib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.