Bakı. Trend:
2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş
Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının
VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan
Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə post-münaqişə
dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla
Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin
prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa
İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa
İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə
dair şərhində qeyd olunub.
Bildirilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan
arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli
sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması
qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı
münasibətlərinin perspektivlərinə mənfi təsir edir.
Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində,
Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina
etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya
etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi
əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri”
ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında
tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu
kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana
qarşı qərəzin açıq-aydın nümunəsidir.
Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün
töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq
qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin
dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana
qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.
Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli
xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi
tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da
Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu
nəzərə almır.
Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə
Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan
qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan
sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa
ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi
niyyətilə bağlı ciddi suallar yaradır.
İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham
olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda
qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet
kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir
və qəbuledilməzdir.
Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan
məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı
müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti
zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm
əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi
narahatlıq doğurur. Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri
tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra
etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi
dəstəyi barədə suallar yaradır.
Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin
7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü
tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə
alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan
Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə
xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və
missiyanın tam operativliyinin təmin olunmasının
prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.
Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə
məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət
edir.
Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən
post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda
keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və
Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan
və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların
aradan qaldırılması istiqamətində konkret addımlar atacağını
gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək
və zəruri nəticələr çıxaracağıq.

