Azərbaycan gimnastı, tamblinqçi Tofiq Əliyevin Danimarkada keçirilən “FaceOFF” beynəlxalq turnirində hədəfi bütün növlərdə qələbə qazanmaq olub.
İdmançı bunu “Report”a açıqlamasında bildirib.
O, sonuncu mərhələdə risk etmək istəmədiyini vurğulayıb:
“Hədəfim bütün növlərdə qələbə qazanmaq idi. Lakin növlər fərqlidir və hər birində üç cəhd haqqımız var. Bu cəhdlərdən ən yaxşı ikisi nəzərə alınır. Sonuncu mərhələdə yorğun olduğum üçün risk etmək istəmədim”.
O, nəticələrdən razı qalıb:
“Ümumi nəticədən razı qaldım. Xoşbəxtəm. İlk andan yarışa yaxşı kökləndim. Dörd növün üçündə birinci yeri tutdum və rəqiblərimlə aradakı xal fərqini artırdım. Son mərhələdə isə yarışı qazanmaq üçün özümü zədələmədən, minimum risklə çıxış etdim. Nəticədə kuboku qazandım”.
İdmançı yarış zamanı üzləşdiyi çətinliklərdən də danışıb:
“Müəyyən qədər çətinlik çəkdim. Dörd fərqli növ həm mental, həm də fiziki olaraq məni yordu. Hər dəfə özümü yetərsiz hiss etdikdə, tribunalardakı 10 mindən çox azarkeş məni yarışın içində saxladı”.
T.Əliyev növbəti hədəflərini də açıqlayıb:
“2026-cı ildə bizi dünya və Avropa çempionatları gözləyir. Həmçinin dünya kubokları var. İlk Dünya Kuboku ölkəmizdə, doğma Milli Gimnastika Arenasında keçiriləcək. Bütün yarışlara qızıl qazanmaq üçün çıxacağam və əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, bayrağımızı beynəlxalq arenalarda dalğalandırım”.
Qeyd edək ki, T.Əliyev Danimarkanın Herninq şəhərində təşkil olunan “FaceOFF” turnirinin qalibi adını qazanıb. O, ötən il də bu yarışda birinci yeri tutmuşdu.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

