
Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub, ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur: “İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir. Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib. Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək”.

