Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması baxımından onun Slovakiyaya ilk rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır.
Bunu “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Deputatın sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Slovakiyada keçirdiyi görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır:
“Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir”.
Səbinə Salmanova
Deputat xatırladıb ki, Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir:
“Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir. Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı söylədi ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.
S.Salmanova bildirdi ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

