
Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tayland hərbçilərinin sayı 29 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Tayland Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.
“Silahlı toqquşmalar zamanı bir Tayland əsgəri həlak olub, 29-u yaralanıb”, – o bildirib.
Qeyd edək ki, 8 dekabr tarixində Tayland ordusu Kamboca qüvvələrinin yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını açıqlayıb.
***
07:28
Tayland ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını Tayland ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.
APA xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Məlumata görə Tayland kəşfiyyatı ölkə ərazisindəki sərhəd bölgəsində Kamboca hərbi qüvvələrinin toplandığını aşkar edib.
Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanaçaifan bildirib ki, Taylandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tayland ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Taylandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Taylandın şərq əyalətlərini yayılım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

