
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı ilə bağlı
müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkəyə qarşı 5
faiz rüsum tətbiq edəcəyini bəyan edib.
Trend xəbər verir ki, Amerika
lideri bunu “Truth Social” hesabında yazıb.
“Hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suya
ciddi ehtiyacı olan amerikalı fermerlər üçün ədalətsizlikdir. Buna
görə də əgər su dərhal təmin olunmasa, Meksikaya 5 faizlik tarif
tətbiq etməyə imkan verən sənədləri hazırlamışam”, – Tramp
bildirib.
“The Washington Post” daha əvvəl yazmışdı ki, Meksika özünün də
quraqlıqla üzləşdiyi üçün uzun illərdir müqavilə şərtlərini pozaraq “ABŞ-yə su tədarükünə müqavimət göstərir”.
Qeyd edək ki, 1944-cü il müqaviləsinə əsasən, Meksika hər beş
ildən bir ABŞ-yə Rio-Qrande hövzəsindən təxminən 2,2 milyard
kubmetr su ötürməli, ABŞ isə bunun əvəzində Kolorado çayından 1,8
milyard kubmetr suyu Meksikaya yönəltməli idi.

