Bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün tərkibində narkotik vasitələrin olmamasına dair sənəd tələb olunacaq

Baş səhifə

Bakı. Trend:

Nazirlər Kabinetinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan
Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə
tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının
dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi
Qaydaları və qeydiyyatın qüvvədəolma müddətində dəyişiklik
edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Sənədə əsasən, bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə
bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar da
əlavə olunacaq:

  • təqdim edilmiş məhsulun istehsalı barədə müvafiq sənədlərin
    (keyfiyyət parametrləri spesifikasiya sənədində olan parametrlərlə
    eynilik təşkil edən məhsul seriyasına dair analiz sertifikatı,
    məhsulun tərkibi üzrə tədqiqat (sınaq) protokolu, tədqiqatın
    (sınağın) aparılması üçün validasiya edilmiş analiz üsulları,
    məhsulun keyfiyyətinə dair fiziki-kimyəvi və mikrobioloji keyfiyyət
    parametrlərinin əks olunduğu spesifikasiya sənədi, məhsulun
    yararlılıq müddətini təsdiq edən sınaqlara dair məlumat,
    resepturalar, istehsalçı tərəfindən təqdim edilmiş məhsulun
    istehsal prosesinin ardıcıllığını əks etdirən sənədlər (texnoloji
    proses), eləcə də istehsalçının bioloji aktiv qida məhsullarının
    istehsalına icazəsi barədə sənədlərin surətləri və məhsulun
    tərkibindəki təsiredici maddələrə dair müqayisə standartları;
  • istehsalçının məhsulun tərkibində genetik modifikasiya olunmuş
    məhsulların və nanomaterialların, hormonların, pestisidlərin,
    həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların
    prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin və
    Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə
    müəyyən edilmiş dopinq maddələrinin olmaması haqqında təsdiqedici
    sənədi;
  • məhsulun istehlakçı üçün nəzərdə tutulmuş istifadə təlimatı və
    onun Azərbaycan dilinə tərcüməsi;
  • ekspertizaya təqdim olunmuş məhsulların etiketinin və
    qablaşdırılmasının ərizəçi və ya istehsalçı tərəfindən təsdiq
    edilmiş maketləri, həmin maketlər xarici dildə olduqda Qanunun
    17.4-cü maddəsinin tələblərinə əsasən onların Azərbaycan dilində
    tərcüməsi;
  • məhsulun tərkibindəki təsiredici maddələrin beynəlxalq adı və
    kəmiyyət tərkibi, köməkçi maddələrin və digər inqrediyentlərin isə
    beynəlxalq adı göstərilməklə siyahısı, həmçinin kapsul və tablet
    örtüklərinin hazırlanmasında istifadə olunan maddələrin
    siyahısı;
  • istehsalçı tərəfindən məhsulun hazırlanmasında istifadə olunan
    bitkilərin binar nomenklaturaya əsasən elmi adları, onlardan alınan
    xammallar (istifadə olunan bitki hissələri), həmçinin məhsula daxil
    olma formalarının (toz, qatı, quru və maye ekstratları, dəmləmə,
    bişirmə, tinktura və s.) barədə məlumatlar.