Bakı Yaradıcı Həftəsi əməkdaşlığı və mədəni irsi möhkəmləndirir – İƏT baş katibinin müavini

Baş səhifə

Bakı. Trend:

Biz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini və baxışını
yüksək qiymətləndiririk. Məhz onun sayəsində bu festival mümkün
oldu.

Trend xəbər verir
ki, bunu bu gün İslam Əməkdaşlıq Təşkilatının baş katibinin
humanitar, mədəni, sosial və ailə məsələləri üzrə müavini Tariq
Əl-Bahit Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı
Həftə – 2025”in rəsmi açılış mərasimində deyib.

“Azərbaycan hər zaman İƏT təşəbbüslərinə dəstək verir və
xüsusilə mədəniyyət, humanitar proqramlar və iqtisadi inkişaf
sahələrində əməkdaşlığın gücləndirilməsində fəal iştirak edir. Ölkə
regionda ümumi maraqların təşviqinə o cümlədən kreativ sənaye
sahələrinə ciddi sadiqlik nümayiş etdirir.

Bu festival bizim ümumi mədəni irsimizi əks etdirir, həmrəyliyi
gücləndirir və yeni tərəfdaşlıqlar üçün məkan yaradır. Biz
sərgilərin, təhsil proqramlarının və yaradıcı tədbirlərin
keçirilməsində göstərilən səylərinə görə təşkilatçılara təşəkkür
edirik; bu təşəbbüslər turizm, innovasiya və mədəni mübadilə
sahəsində əməkdaşlığı genişləndirir.




Tədbir həm şəxsi, həm də peşəkar əlaqələrin qurulmasına şərait
yaradır, əngəllərin aradan qaldırılmasına kömək edir və qarşılıqlı
anlaşma və əməkdaşlıq üçün pozitiv dinamika formalaşdırır. Biz
əminik ki, elm, texnologiya, incəsənət və sosial dialoqun
birləşməsi inkişaf üçün yeni imkanlar açır”, – deyə o bildirib.

Onun sözlərinə görə, gələcəkdə müxtəliflik və mədəni zənginlik
dəyərlərinə əsaslanan müsbət dəyişikliklər və tərəqqi gözlənilir.
Kreativ sənaye dayanıqlı inkişafda mühüm rol oynayır,
iqtisadiyyata, sosial sabitliyə və mədəni irsin qorunmasına töhfə
verir. Bu sahə qlobal çağırışlara, məsələn, iqlim dəyişikliyi,
ərzaq təhlükəsizliyi və sosial həssaslıq kimi problemlərə həll
yolları təklif edə bilər.

“Beləliklə, festivalımız mədəni özünəməxsusluğun və irsin
qorunmasının əhəmiyyəti barədə güclü mesajdır. Festival müsəlman
dünyasının pozitiv imicini formalaşdırmaq, stereotipləri dağıtmaq
və qarşılıqlı etimadı gücləndirmək məqsədini daşıyır. Bu, bizi
ümumi gələcək vizyonuna yönəldən canlı ideyalar məkanıdır.

Mədəniyyətin yumşaq gücü qlobal çağırışlara qarşı mübarizə
aparmaq, tolerantlığı təşviq etmək, keyfiyyətli inkişafı və üzv
dövlətlərin birgə rifahını təmin etmək üçün vasitə olur. Biz
gəncləri ruhlandıran, yaradıcı təşəbbüsləri dəstəkləyən və
qarşılıqlı anlaşmanı gücləndirən bir platforma yaradırıq”, – deyə o
əlavə edib və genişmiqyaslı tədbirin təşkili və iştirakına görə
minnətdarlığını bildirib.