“Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə əməkdaşlıq davam etdiriləcək – Nazirlik

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışın
asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi,
beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da
gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit
reytinq agentlikləri ilə əməkdaşlıq edir.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi
(“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq
həyata keçirilmiş, həm rəsmi müqavilə çərçivəsində ödənişli
əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited
rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi
qiymətləndirilmişdir.

Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq
agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən
institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan
son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini
iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi
müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”)
müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı
ödəniş edilmədən həyata keçirmişdir.




Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan
fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit
reytinqi artmış və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə
“Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit
reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlmişdir. Belə ki,
agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan
suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq
olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilmişdir. Hər iki
reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik
olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı
dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici
şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq
təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə
ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam
etdirilməsi nəzərdə tutulmuşdur. Əldə olunmuş uğurlar və qarşılıqlı
faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və
“Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr
çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata
keçirilməsi təmin olunmuşdur.

İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital
bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün
kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi
ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi
nəzərdə tutulmuşdur.

Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının
suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı
beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək
və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın
kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcəkdir.