
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilən
Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial
müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş
olub.
Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev Türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın
gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən
işləri yüksək qiymətləndirdiyimizi qeyd edib.
Nazir Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial
müdafiə nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının
əhəmiyyətini vurğulayıb. O, son illər ölkəmizdə aparılan sosial
islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi
ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin
mübadiləsinə hazır olduğumuzu bildirib.
Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluq
və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi
üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədə
TDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyini
bildirib.
Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə
nazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan
Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş
olub. Anar Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev və
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə
ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik
səviyyəsinə yüksəldiyini vurğulayıb. Əlaqələrimizin əmək, məşğulluq
və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeyd
edilib.
Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDT
çərçivəsində də daim genişlənəcəyini bildirib. O, Təşkilata üzv
dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda
“Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq”
adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusi
önəmini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi
aparılıb.

