Bombalanmış Çernobıl sığınacağı radiasiyanı saxlaya bilmir – MAQATE

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevral ayında
pilotsuz uçuş aparatı ilə vurulan Ukraynadakı Çernobıl AES-in
dağıdılmış reaktoru üzərində yerləşən qoruyucu konstruksiyanın
artıq əsas funksiyasını — radiasiyanın qarşısını almağı — yerinə
yetirmədiyini açıqlayıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, MAQATE-nin məlumatına görə, fevral
ayında baş verən dron hücumu nəticəsində reaktorun üzərini örtən
qoruyucu tikilidə deşik yaranıb. Təxminən 1,5 milyard avroya başa
gələn və 2019-cu ildə Avropanın təşəbbüsü ilə tamamlanan bu
konstruksiya relslər üzərində hərəkət etdirilərək köhnə sarkofaq
üzərinə yerləşdirilmişdi.




Agentlik ötən həftə polad örtükdə aparılan texniki baxış zamanı
dron zərbəsinin konstruksiyanın struktur bütövlüyünü zəiflətdiyini
müəyyən edib.

MAQATE-nin baş direktoru Rafael Qrossininin sözlərinə görə,
müəyyən lokal təmir işləri aparılsa da, daha genişmiqyaslı bərpa
işləri görülməzsə, vəziyyətin daha da pisləşməsi və uzunmüddətli
nüvə təhlükəsizliyinin risk altına düşməsi qaçılmazdır.