Dünən axşam Vaşinqtonda keçirilən 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimində ABŞ prezidenti Donald Tramp xüsusi təltif alıb.
FİFA rəhbəri Canni İnfantino dövlət başçısına qurumun yeni təsis etdiyi FİFA Sülh Mükafatını təqdim edib.
Modern.az-ın məlumatına görə, Trampa verilən tunc fiqur Azərbaycan xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələrimiz və istəklərimiz” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır. Əli İbadullayev də Rəssamlar ittifaqının üzvüdür.

Hündürlüyü dörd metr olan orijinal kompozisiya hazırda Cenevrədə, BMT-nin Dərnəklər Sarayının qarşısındakı parkda yerləşir. Azərbaycan bu monumental əsəri 2017-ci ildə ölkəmizin BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə təşkilata hədiyyə etmişdi.
İFA bu mükafatı ilk dəfə təsis edib və İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə” hətta Nobel Sülh Mükafatına layiq görülməli idi. “Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, – deyə İnfantino bildirib.
Donald Tramp isə çıxışında diplomatiki təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib. “Bu, mənim həyatımın ən böyük şərəflərindən biridir”, – ABŞ prezidenti vurğulayıb.

