Almaniya miqrasiya siyasətini sərtləşdirən qanun dəyişikliklərini qəbul edib

Baş səhifə

Bakı. Trend:

Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti ilə
bağlı qanuna bir sıra mühüm dəyişikliklər təsdiqlənib.

Trend xəbər verir
ki, qəbul edilmiş düzəlişlər hökumətin miqrasiya siyasətini daha da
sərtləşdirir.

Yeni qaydalara əsasən, hökumət bundan sonra Bundesratın
təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi
təsnif edə biləcək. Bu isə həmin ölkələrdən gələn şəxslərin
deportasiyasını xeyli asanlaşdıracaq. Addımın məqsədi əsassız
sığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlar
İdarəsində (BAMF) prosedurları sürətləndirməkdir.




Dəyişikliyə uyğun olaraq, təhlükəsiz mənşə ölkələrindən
gələnlərin sığınacaq ərizələri daha çox “açıq-aşkar əsassız” kimi
qiymətləndiriləcək.

Qanun layihəsinə hökumət koalisiyasındakı partiyalarla yanaşı,
Almaniya üçün Alternativ Partiyası (AfD) də dəstək verib. Yaşıllar
və Sol partiya isə dəyişikliklərə qarşı çıxıb. Eyni paket
çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına
vəkil təyin edilməsi hüququnun ləğvi də nəzərdə tutulur. Bundan
başqa, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən
şəxslər üçün on illik qadağa tətbiq olunacaq.