ABŞ və Ukrayna nümayəndələri davamlı sülh üzrə növbəti danışıqları keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkof və Cared
Kuşner Ukraynada davamlı və ədalətli sülhün əldə olunması məqsədilə
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm
Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla
görüşüblər.

Trend-in
məlumatına görə, ABŞ tərəfi görüşün nəticələrinə dair açıqlama
yayıb. Bildirilib ki, son iki həftədə bu mövzuda altı görüş
keçirilib.

Tərəflər ABŞ nümayəndə heyətinin Rusiyada keçirdiyi son görüşün
nəticələrini, həmçinin müharibəyə son qoymaq üçün mümkün addımları
müzakirə ediblər. Amerikalı və ukraynalı rəsmilər təhlükəsizlik
tədbirləri çərçivəsi üzrə razılığa gəlib, davamlı sülhü təmin etmək
üçün lazım olan çəkindirmə imkanlarını dəyərləndiriblər.




Qeyd olunub ki, istənilən razılaşmaya doğru real irəliləyiş
Rusiyanın uzunmüddətli sülhə yönəlmiş addımlara, o cümlədən
gərginliyin azaldılması və itkilərin dayandırılmasına ciddi
sadiqlik göstərməsindən asılı olacaq.

Görüşdə, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası,
ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri və uzunmüddətli
yenidənqurma layihələri müzakirə olunub. Danışıqların davamı olaraq
tərəflər sabah yenidən görüşəcəklər.